Annotasiya
1957-ci il Roma Müqaviləsi ilə fəaliyyətinə başlayan Avropa İttifaqı insan hüquq və azadlıqlarının tanınması və təmini sahəsində dünyada əhəmiyyətli mövqeyə malikdir. İttifaq daxilində insan və vətəndaşın təkcə klassik hüquqları deyil, dövrün tələbinə uyğun olaraq yeni yaranan münasibətlərə tətbiq edilə biləcək yeni növ hüquq və azadlıqları da tanıyır. Məlumdur ki, məhdudiyyətlərlə üzləşmədən başqa bir ölkədə azad sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmək imkanı müasir dövr üçün xüsusilə vacibdir. Bu məqalə təsis etmək hüququ və onunla əlaqəli olan xidmətlər göstərmək azadlığını bu kontekstdə dəyərləndirir.

Abstract

Key words: company, self-employed person, the European Union, establish, directive

The European Union, established by the Treaty of Rome in 1957, has an important position in the world in the field of recognition and promotion of human rights and freedoms. Within the Union, it recognizes not only the classical human rights, but also new types of rights and freedoms that can be applied to new relations in accordance with the requirements of the time. It is known that the ability to engage in free enterprise in another country without facing restrictions is especially important in modern times. This article evaluates the right of establishment and the rules of its provision in this context.

Açar sözlər: şirkət, fərdi sahibkar, Avropa İttifaqı, təsis etmək, göstəriş

Key words: company, self-employed person, the European Union, establish, directive

İnsan hüquq və azadlıqları ilə bağlı xüsusilə də II Dünya müharibəsindən sonra hüquq elmində çoxsaylı araşdırmalar aparılmış, nəzəriyyə və təcrübənin prioritet mövzusuna çevrilmişdir. Həmçinin, əksər dövlətlərin konstitusiyalarında bu və ya digər şəkildə insan hüquq və azadlıqlarının təsbit olunduğu da hamıya məlumdur. Ancaq bu hüquq və azadlıqların dairəsi çox genişdir və bu səbəbdən müxtəlif mövzularla bağlı araşdırma aparılarkən qarşımıza yeni adda hüquq və ya azadlıq çıxmaqdadır. Avropa hüquq doktrinasında son 100-120 ildə formalaşan hüquqlar sırasına daxil olan right of establishment, yəni təsis etmək hüququ ilk dəfə 1906-cı ildə Hollandiya və Almaniya arasında imzalanan Təsis müqaviləsində öz əksini tapmışdır [3, 13]. Müxtəlif sənədlərdə və ədəbiyyatlarda təsis etmək hüququ right of establishment [6], freedom of establishment [8] kimi formalarda ifadə olunur. Azərbaycan dilində isə təsis etmək hüququ şəklində tərcüməsi daha məqsədəuyğundur.

Təsis etmək hüququ ilə bağlı müddəalar əsas etibarilə 1957-ci il 25 mart tarixində Romada imzalanan Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilənin III hissəsinin Şəxslərin, xidmətlərin və kapitalın sərbəst hərəkəti adlanan IV bölməsinin 2-ci fəslində yer almaqdadır [1]. Fəsil bötüvlükdə bu hüquq və onunla əlaqəli məsələlərin tənziminə ayrılmışdır. Ümumilikdə, təsis etmək hüququ və onunla əlaqəli xidmətlər göstərmək azadlığı (freedom to provide services) İttifaq daxilində vahid bazarın 4 əsas hüququndan biridir, digər 3 azadlığı isə şəxslərin, malların və kapitalın sərbəst hərəkəti təşkil edir [5]. Haqqında danışdığımız hüququn əhatə dairəsinə sənaye, sənətkarlıq, kommersiya və fərdi sahibkarlıq fəaliyyəti daxildir. Konkret şəkildə anlayış versək, təsis etmək hüququ dedikdə fərdi sahibkar kimi fəaliyyətə başlamaq, bu fəaliyyəti davam etdirmək və qanunla müəyyən edilmiş şərtlərdə davamlı şəkildə fasiləsiz fəaliyyət üçün təşəbbüs göstərmək və bunu idarə etmək hüququ başa düşülür [5]. Onu da qeyd etməliyik ki, təsis etmək hüququ Avropa hüququnda fundamental hüquq və azadlıqlardan biri kimi qəbul edilir və Avropa İqtisadi Bölgəsinə daxil olan dövlətin vətəndaşlarının digər üzv dövlətin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına heç bir məhduddiyyətin tətbiq edilməməsini şərtləndirir. Həmçinin, AİB-in hər hansı bir dövlətində yaradılmış hüquqi şəxs digər üzv dövlətlərdə öz filial və nümayəndəliklərini təsis edə bilər [6]. Aİ Fəaliyyətinə dair Müqavilənin 49-cu maddəsinə əsasən isə üzv dövlətin vətəndaşlarının digər üzv dövlətin ərazisində təsis etmək azadlığının məhdudlaşdırılması qadağandır və belə qadağa, üzv dövlətin ərazisində qurulan hər hansı üzv dövlətin vətəndaşları tərəfindən agentliklərin, filialların və ya nümayəndəliklərin yaradılması ilə bağlı məhdudiyyətlərə də tətbiq edilir. Maddənin 2-ci hissəsində vurğulanır ki, təsis etmə azadlığına fərdi sahibkar kimi fəaliyyətə başlamaq və bunu davam etdirmək, həmçinin II fəslin kapitalla əlaqədar müddəaları nəzərə alınmaqla şirkət və ya firma yaratmaq və bunları idarə etmək də daxildir. Təbii ki, bu zaman fəaliyyətin həyata keçirildiyi ölkənin qanunları da nəzərə alınır. 54-cü maddədə şirkətlər və ya firmalar dedikdə buraya mülki və kommersiya qanunvericiliyi əsasında yaradılmış, həmçinin qeyri-kommersiya hüquqi şəxsləri istisna olmaqla publik və ya xüsusi hüquq qaydaları ilə idarə olunan digər hüquqi şəxslərin aid olması təsbit edilmişdir [1].

Təsis etmək hüququ xidmətlər göstərmək azadlığı ilə müəyyən ortaq cəhətlərə malik olsa da, tətbiq prosesində ciddi fərqlər ortaya çıxmaqdadır. Xidmətlər göstərmək azadlığına qısaca anlayış versək, o başqa üzv dövlətin ərazisində hüquqi şəxs təsis etmədən həm də müvəqqəti olaraq xidmətlər təklif edilməsini özündə ifadə edir [4, 377]. Məsələn, İtaliyada yaradılmış və müəyyən növ xidmətlər göstərən hüquqi şəxs və ya fərdi sahibkar bu azadlıq çərçivəsində başqa bir üzv dövlətdə filial və ya nümayəndəlik təsis etmədən öz xidməti fəaliyyətini həyata keçirə bilər. Təsis etmək azadlığı isə daimi xarakter daşıyır, çünki bu zaman başqa üzv dövlətin ərazisində hüquqi şəxs (həmçinin fərdi sahibkarlıq fəaliyyəti də buraya daxildir), filial və ya nümayəndəlik yaradılır. Aİ-nin Fəaliyyətinə dair Müqavilənin 50-ci maddəsində İttifaq səviyyəsində təsis etmək hüququnun təmini ilə bağlı məsələlər tənzimlənmişdir. Belə ki, müəyyən bir fəaliyyətlə əlaqədar təsis etmə azadlığının təmin edilməsi üçün Avropa Parlamenti və Şura, adi qanunvericilik proseduruna uyğun olaraq və İqtisadi və Sosial Komitə ilə məsləhətləşdikdən sonra direktivlər əsasında fəaliyyət göstərirlər. Parlament, Şura və Avropa Komissiyasının vəzifələri həmin maddədə sadalanmışdır. Bu vəzifələr sırasına əsas etibarilə istehsal və ticarətin inkişafına daha çox töhvə verən fəaliyyət sahələrinə üstünlük verilməsi, üzv dövlətlərin səlahiyyətli orqanları arasında sıx əməkdaşlığın təmin edilməsi, istər milli qanunvericilikdən, istərsə də üzv dövlətlər arasında əvvəllər bağlanmış, mövcudluğu təsis etmək hüququna maneə yaradan müqavilələrdən irəli gələn inzibati prosedur və təcrübələrin ləğv olunması, bir üzv dövlətin vətəndaşına digər üzv dövlətin ərazisində yerləşən torpaq və tikililəri əldə etmək və istifadə etmək imkanın verilməsi, üzv dövlətlərin və digərlərinin mənafelərinin qorunması üçün 54-cü maddənin ikinci abzasında nəzərdə tutulan şirkətlər və ya firmaların üzv dövlətləri tərəfindən tələb olunan təminatların lazımi dərəcədə razılaşdırılması və s. daxildir [1]. Qeyd olunan bu müddəalardan onu başa düşə bilərik ki, Avropa Şurası və Parlamenti təsis etmək hüququna iqtisadiyyatın inkişafı baxımından böyük önəm verməkdədir və onun əsaslı şəkildə təmin edilməsi üçün də bir növ öhdəlik daşıyır. Ancaq burada əsas öhdəliyin ərazisində başqa üzv dövlətin fiziki və ya hüquqi şəxsi tərəfindən sərbəst kommersiya fəaliyyətinin həyata keçirildiyi dövlətə aid olduğunu deməliyik.

Digər bir tərəfdən bu hüququn limitsiz şəkildə tətbiq edildiyini bildirmək yanlış olardı. Müqavilənin 51-ci maddəsinə əsasən təsis etmək hüququnu tənzimləyən müddəalar müvafiq üzv dövlətin səlahiyyətli orqanlarının inhisarında olan (daimi olmasa belə) fəaliyyətlərə aid edilmir. Beləliklə, hər bir üzv dövlət bilavasitə öz ərazisində həyata keçirdiyi fəaliyyət sahələri ilə əlaqədar başqa üzv dövlətin vətəndaşının fərdi sahibkarlıqla məşğul olması və ya hüquqi şəxs təsis etməsi, eləcə də başqa dövlətdə yaradılmış mövcud hüquqi şəxsin filial və ya nümayəndəliklərinin açılmasına yol verməyə bilər. Həmçinin, adıçəkilən maddənin 2-ci hissəsi fəslin müddəalarının müəyyən fəaliyyətlərə şamil edilməməsi barədə qərar qəbul etməni adi qanunvericilik proseduruna uyğun şəkildə Avropa Parlamenti və Şuranın müstəsna səlahiyyəti kimi müəyyən etmişdir. Məsələnin geniş izahı üçün 346-cı maddənin 1-ci hissəsinin b bəndinə nəzər yetirmək mütləqdir. Orada qeyd olunur ki, istənilən üzv dövlət silah, döyüş sursatı və müharibə materialının istehsalı və ya ticarəti ilə əlaqəli öz təhlükəsizliyinin əsas maraqlarının qorunması üçün zəruri hesab etdiyi tədbirlər görə bilər. Bu yuxarıdakı istisnanın nisbətən genişlənmiş versiyası kimi şərh edilə bilər. Həmin bənddə bu cür tədbirlərin daxili bazarda xüsusi hərbi məqsədlər üçün nəzərdə tutulmayan məhsullara qarşı rəqabət şəraitinə mənfi təsir göstərməməsi qaydası da əks olunmuşdur [6].

Ümumilikdə, təsis etmək hüququ və xidmətlər göstərmək azadlığını özlüyündə 3 əhatə dairəsi kontekstində dəyərləndirmək olar – şəxsi, maddi və müvəqqəti. Bunları qısaca izah etsək, ilk növbədə şəxsi əhatə dairəsi dedikdə adını çəkdiyimiz hüquq və azadlıqlardan faydalana biləcək şəxslər başa düşülür. Bununla bağlı məsələləri yuxarıda qeyd etmişdik. Maddi formada əhatə dairəsi isə 2 fərqli cəhətə malikdir. Bunlardan biri mövzu məsələsi, digəri isə daxili vəziyyətdir. Mövzu məsələsi təsis etmə hüququ və xidmətlər göstərmək azadlığının tətbiq edilə bildiyi fəaliyyət və xidmət sahələrini bildirir. Daxili vəziyyət cəhətinə əsasən üzv dövlətin milli qanunvericiliyində müvafiq məsələlərlə bağlı tənzimetmənin xarakteri aiddir. Yəni, müəyyən fəaliyyət və ya xidmət sahəsi Aİ qanunvericiliyində nəzərdə tutulmamış və milli qanunvericilikdə də qadağan edilmişdirsə, bu zaman haqqında danışdığımız müvafiq hüquq və azadlıq həyata keçirilə bilməz. Nəhayət, üzv dövlətlər tərəfindən Müqavilənin 49 və 56-cı maddələri ilə əhatə olunan sahələrə məhdudiyyət qoyulmasının nə zaman qarşısının alınıb-alınmaması ilə bağlı məsələni müvəqqəti əhatə dairəsi aydınlaşdırır. Aİ Ədalət Məhkəməsi, bu maddələrin keçid dövrünün bitməsindən sonra bilavasitə təsirli qüvvəsinə malik olduğuna qərar verdi və beləliklə “milli məhkəmələrin qorumalı olduğu fərdi hüquqları” yaratmış oldu [2, 75-78].

Həm təsis etmək hüququ, həm də xidmətlər göstərmək azadlığı baxımından digər mühüm məsələ peşə ixtisası və təhsillə bağlıdır. Belə ki, Aİ qanunvericiliyi peşələri iki qrupa bölür və iki fərqli sistem tətbiq edir. Birinci peşə qruplarında ortaq minimum təlim şərtləri mövcuddur və bunlar bütün üzv dövlətlərdə dəqiq tənzimlənir və müvafiq olaraq həyata keçirilir. Bu qrupa həkimlər, tibb bacıları, diş həkimləri, əczaçılar və b. iştirak edirlər və bu peşələr üçün AB-də peşəkar ixtisasın avtomatik tanınması sistemi tətbiq olunur. İkinci qrupa daxil olan peşələrdə isə Aİ səviyyəsində minimum təlim şəraiti ilə bağlı müəyyən olunmuş zəruri qaydalar mövcud deyil. Yəni üzv dövlətlər bu peşələrlə öz milli qanunvericiliyini formalaşdırmaqda sərbəstdir və həmçinin, avtomatik tanınma sistemi bu növ peşələrə tətbiq edilmir. Beləliklə, İttifaqa üzv hər hansı dövlətdə peşə təhsili almış şəxs başqa bir üzv dövlətin icazəsiylə onun ərazisində xidmətlər göstərə bilər [5]. Müqavilənin 53-cü maddəsinə nəzər yetirsək görərik ki, şəxslərin fərdi sahibkarlıq fəaliyyəti məşğul olmalarını asanlaşdırmaq və daimi şəkildə bu fəaliyyəti davam etdirmələri üçün Avropa Parlamenti və Şura adi qanunvericilik proseduruna uyğun fəaliyyət göstərir. Bundan əlavə, diplomların, sertifikatların və digər sənədlərin qarşılıqlı tanınması, həmçinin rəsmi kvalifikasiya və üzv dövlətlərdə fərdi sahibkar kimi fəaliyyətə başlamağa və həyata keçirməyə dair qanun, tənzimləmə və ya inzibati fəaliyyətlə müəyyən edilmiş müddəaların razılaşdırılması üçün direktivlər (göstərişlər) verir. 53-cü maddənin 2-ci hissəsində tibb, onunla əlaqəli yardımçı peşələr və əczaçılıqla bağlı bu sahələrdə məhdudiyyətlərin mərhələli şəkildə ləğvi üzv dövlətlərdə onların həyata keçirilməsi şərtlərinin əlaqələndirilməsindən asılı olması qaydası müəyyən edilmişdir. Əlbəttə bütün bu prosedurların səmərəli şəkildə həyata keçirilə bilməsi üçün tək əlaqə nöqtələri və milli yardım mərkəzləri kimi mexanizmlərin yaradılması tələb olunur. Bu strukturlar xidmət göstərmək, biznes qurmaq istəyən və müvafiq qaydada başqa üzv dövlətdə tanınan peşə keyfiyyətlərinə sahib olmaq istəyən Aİ vətəndaşlarının məlumatlandırılması və onlayn müraciət üçün kömək edir. Həm də üzv dövlətlərin öz vətəndaşları da bu xidmətlərdən istifadə edə bilərlər [5].

Yuxarıda 54-cü maddənin 2-ci hissəsində təsis etmək hüququ çərçivəsində şirkət və firma anlayışlarına hansı hüquqi şəxslərin daxil olduğunun göstərildiyini qeyd etmişdik. Həmin maddənin ilk hissəsinə əsasən isə üzv dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılan və Aİ daxilində qeydiyyata alınmış ofisi, mərkəzi administrasiyası və ya əsas iş yeri olan şirkətlər və ya firmalar bu fəslin məqsədləri naminə həmin üzv dövlətin vətəndaşı olan fiziki şəxslərlə bərabər tutulmalıdırlar. Bu müddəa bizlərə haqqında danışdığımız təsis etmək hüququnun İttifaq ərazisində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün nə dərəcədə geniş imkanlar müəyyən etdiyini bir daha nümayiş etdirir. Təsis etmək hüququnu tənzimləyən fəslin son – 55-ci maddəsi isə şirkətlərin və ya firmaların kapitalında iştirakla bağlı mühüm bir məsələni tənzimləyir. Belə ki, üzv dövlətlər digər üzv dövlətlərin vətəndaşlarına Müqavilələrin digər müddəalarının tətbiq edilməsinə xələl gətirmədən 54-cü maddənin 2-ci hissəsinin mənası daxilində şirkətlərin və ya firmaların kapitalında iştirakla bağlı öz vətəndaşları ilə bərabər münasibət göstərməlidirlər.

Bütün bunlardan əlavə, təsis etmək hüququnun təmini ilə bağlı Avropa Parlamentinin rolundan da bəhs etmək lazımdır. Belə ki, Parlament fərdi sahibkarların fəaliyyət dairəsinin genişləndirilməsində və eyni zamanda dövlət hakimiyyətinin həyata keçirilməsi ilə əlaqəli olan vətəndaşlar üçün müəyyən olunmuş xidmət və fəaliyyətlərin məhdudlaşdırılmasında vacib rol oynamışdır. Lakin Parlament nəqliyyat siyasəti ilə bağlı passivlik göstərmiş və nəticədə Şura tərəfindən Ədalət Məhkəməsində iş qaldırılmışdır [8]. 1983-cü ilin yanvar ayında edilən müraciətlə bağlı Məhkəmə 22 may 1985-ci il tarixdə beynəlxalq nəqliyyat xidmətlərinin pulsuz göstərilməsini təmin etmədiyi və qeyri-rezident daşıyıcıların nəqliyyat xidmətləri ilə bağlı fəaliyyətlərinə şərait yarada bilmədiyi üçün Parlament barədə qınama hökmü çıxarmışdır. Hökmə əsasən bu Müqavilə hökmlərinin pozulması hesab olunurdu və Parlament lazımi qaydaları qəbul etməli idi [7]. Ancaq indiki dövrdə Parlamentin həm təsis etmək hüququ, həm də xidmətlər göstərmək azadlığının təmin edilməsi ilə əlaqəli rolu artmış, adi qanunvericilik proseduruna uyğun olaraq müvafiq aktlar qəbul edilmişdir.

      Beləliklə, bizə aydın olur ki, Aİ daxilində təkcə fiziki şəxslərin deyil, eləcə də hüquqi şəxslərin, fərdi sahibkarların, xidmətlərin sərbəst hərəkəti də fundamental insan hüquq və azadlıqları kimi müəyyən edilmiş və bu hüquq və azadlıqların həyata keçirilməsi üçün lazımi qanunvericilik aktları formalaşdırılmışdır. Təsis etmək hüququ və eləcə də xidmətlər göstərmək azadlığı hələ ki, əsasən İttifaq səviyyəsində Avropada tətbiq edilsə də, yaxın gələcəkdə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və bu proqrama üzv olan digər dövlətlərin ərazisində də qarşılıqlı razılıq əsasında və interpretasiya vasitəsilə təmin oluna bilər.

İstifadə edilmiş ədəbiyyat:

1.      Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilə
2.      Göçmen İ. The Freedom of Establishment and to Provide Services: A Comparison of the Freedoms in European Union Law and Turkey – EU Association Law. Ankara Law Review. Vol 8. No 1. January 2011. pp. 67-109
3.      Nils Coleman. European Readmission Policy: Third Country Interests and Refugee Rights. Leiden. Martinus Nijhoff Publishers. 2009
4.      Ugirashebuja E., Ruhangisa J. E., Ottervanger T., Cuyvers A. East African Community Law: Institutional, Substantive and Comparative EU Aspects. Brill. 2017
5.      https://www.ab.gov.tr/chapter-3-right-of-establishment-and-freedom-to-provide-services_68_en.html
6.      http://www.eftasurv.int/internal-market-affairs/fields-of-work/capital/establishment/
7.      https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:61983CJ0013
8.      https://www.europarl.europa.eu/factsheets/en/sheet/40/freedom-of-establishment-and-freedom-to-provide-services

The articles on this blog are not, nor are they intended to be, legal advice. You should consult a lawyer for individual advice or assessment regarding your own situation.