Abstract

In modern times, human rights and freedoms have taken on a new character and are more focused on the liberalization of the economic sphere. This can be clearly observed, especially in the case of the European Union. The freedom to provide services regulated by the 1957 Treaty of Rome also aims to ensure the free movement of services in the internal market. This article interprets the rights of service providers and related case law.

Annotasiya

Müasir dövrdə insan hüquq və azadlıqları yeni xarakter kəsb edərək daha çox iqtisadi sahənin liberallaşmasına fokuslanır. Bunu, xüsusilə, Avropa İttifaqı timsalında aydın şəkildə müşahidə edə bilərik. 1957-ci il Roma Müqaviləsində nəzərdə tutulan xidmətlər göstərmək azadlığı da daxili bazarda xidmətlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədini daşıyır. Bu məqalədə xidmət provayderlərinin hüquqları və bununla əlaqəli məhkəmə presedentləri şərh edilmişdir.

Açar sözlər: şirkət, xidmətlər, Avropa İttifaqı, məhdudiyyət, presedent

Key words: company, services, the European Union, restriction, precedent

Avropa İttifaqının daxili bazarı Aİ Fəaliyyətinə dair Roma Müqaviləsində (bundan sonra Müqavilə) təsbit olunmuş fundamental hüquqlar əsasında fəaliyyət göstərir. Bu hüquqlar əsas etibarilə ticarət əlaqələrinin genişləndirilməsi və liberallaşdırılmasına yönəlmişdir [2, 2]. Təsis etmək hüququ və xidmətlər göstərmək azadlığı bu hüquqlar arasında daha ön planda yer tutur. Müqavilədə freedom to provide services şəklində ifadə edilən [1] anlayışın Azərbaycan dilindəki qarşılığına xidmətlər göstərmək azadlığı uyğun gəlməkdədir. Məlumdur ki, beynəlxalq ticarət əlaqələri inkişaf etdikcə xidmətlərin bu sahədəki payı artmağa davam edir. Xidmət sektoru iqtisadi sahələr içərisində nisbətən yeni olsa da, bu gün sənayenin inkişafında vacib rol oynamaqdadır. Digər tərəfdən, xidmət sahəsi çoxşaxəli olduğundan tənzimlənməsi nisbətən mürəkkəbdir və bu səbəbdən də araşdırılmağa ehtiyac duyur [2, 3]. Aİ-də iqtisadi inkişafda mühüm paya sahib olan xidmətlər məhz adıçəkilən azadlığın təmin edilməsilə realizə olunmaqdadır.

Xidmətlər göstərmək azadlığı ilə bağlı müddəalar Müqavilənin Birliyin siyasəti və Daxili aksiyalar adlanan 3-cü hissəsinin IV bölməsinin III fəslində yer almışdır. Freedom to provide services dedikdə hüquqi şəxs və ya nümayəndəlik (filial) təsis etmədən müvəqqəti əsaslarla başqa bir ölkədə xidmətlər təklif etmə başa düşülür. Yəni, Aİ-yə üzv olan hər hansı bir ölkədə xidmət sektorunda fəaliyyət göstərən hüquqi şəxs və ya fərdi sahibkar digər bir üzv dövlətin ərazisində məhdudiyyətsiz şəkildə, həm də yeni bir hüquqi şəxs və ya filial, nümayəndəlik təsis etmədən eyni xidmətləri göstərə bilər və bu fəaliyyət müvəqqəti xarakter daşıyır. Müqavilənin 56-cı maddəsinə əsasən üzv dövlətdə xidmət göstərmək məqsədilə yaradılan üzv dövlətlərin vətəndaşlarına münasibətdə İttifaq daxilində xidmətlər göstərmək azadlığının məhdudlaşdırılması qadağandır. Adi qanunvericilik proseduruna uyğun olaraq fəaliyyət göstərən Avropa Parlamenti və Şura, fəslin müddəalarını Birlik daxilində yaradılan və xidmət göstərən üçüncü bir ölkənin vətəndaşlarına şamil edə bilər [1]. Beləliklə, bu azadlığın təsbit olunması prinsipi Avropa İqtisadi Bölgəsi vətəndaşlarının başqa bir üzv dövlətdə xidmətlər göstərə bilməsinə bir növ zəmanət vermiş olur.

Xidmətlər dedikdə buraya adi hallarda müqavilələr ilə müəyyən məbləğ qarşılığında təmin edilməsi nəzərdə tutulan və mallar, kapital və şəxslərin sərbəst hərəkəti qaydalarının əhatə dairəsinə daxil olmayan xidmətlər başa düşülür. Həmçinin, xidmətlər təsis etmək hüququ ilə bağlı müddəalara zidd olmamaqla, başqa üzv dövlətin ərazisində onun öz vətəndaşları üçün müəyyən edilmiş şərtlər daxilində təmin oluna bilər. Müqavilədə qeyd edilənlərlə yanaşı 4 növ xidmət müəyyən olunmuşdur. Bunları sənaye, kommersiya, sənətkarlıq və peşə fəaliyyəti təşkil etməkdədir və bu müddəalar Müqavilənin 57-ci maddəsində təsbit olunmuşdur [1]. Digər tərəfdən, xidmətlər göstərmək azadlığını Müqavilədə əvvəlki fəsildə yerləşən təsis etmək hüququndan fərqləndirmək üçün xidmət anlayışı ilə bağlı daha ətraflı danışmaq lazımdır. Ümumiyyətlə, hər hansı bir fəaliyyətin iqtisadi fəaliyyət hesab edilməsi üçün məbləğ və ya ödəniş qarşılığında həyata keçirilməsi kifayət edir. Məbləğ bəzən çox kiçik ola bilər, ödəniş pul ilə edilməyə də bilər, hətta xidmət göstərən qazanc əldə etməyə də bilər [4, 378]. Onu da bildirmək vacibdir ki, Aİ Ədalət Məhkəməsi (bundan sonra Məhkəmə) hətta göstərilən xidmətin əvəzinin məhz alıcı tərəfindən ödənməsinin mütləq olmadığını da təsbit etmişdir. Burada vacib məsələ göstərilən xidmətin qarşılığında nəyinsə edilməsidir [7]. Yəni, xidmətin əvəzini dövlət də daxil olmaqla üçüncü tərəfin ödəməsi mümkündür. Buna xidmət anlayışının bir növ genişlənməsi kimi də yanaşmaq olar. Beləliklə, biz buradan özəl şirkətlər tərəfindən təmin edilən, lakin dövlət və ya ictimai sığorta sistemi tərəfindən ödənilən səhiyyə və ya təhsil kimi bütün yarı ictimai xidmətlərin də xidmətlərin sərbəst hərəkəti, yəni xidmətlər göstərmək azadlığının əhatə dairəsinə daxil ola biləcəyini görürük. Adıçəkilən sahələrlə bağlı xidmətlər istənilən halda İttifaq qanunvericiliyinə uyğun həyata keçirilməlidir və prinsipcə, üzv dövlətlər tərəfindən xidmətlər göstərmək azadlığı çərçivəsində qadağan edilə bilməz. Üzv dövlət yalnız tamamilə özünün inhisarında olan sahə və fəaliyyətlərlə bağlı məhdudiyyət və qadağalar tətbiq edə bilər [8].

Ümumiyyətlə, bir fəaliyyətin mənəvi cəhətdən ziddiyyətli və ya siyasi həssaslığa malik olması onu Müqavilənin yuxarıda qeyd etdiyimiz 56-cı maddəsinin tətbiq dairəsindən çıxarmır. Bir fəaliyyət qanunauyğun şəkildə və əvəzi ödənilməklə təmin edildiyi müddətcə xidmət kimi qiymətləndirilir [4, 378]. Bu məsələ ilə əlaqədar mövcud məhkəmə təcrübəsində abort, qumar oyunları və fahişəlik də daxil olmaqla, insan fəaliyyətinin mənəvi cəhətdən mübahisəli növlərinə də rast gəlmək mümkündür. Ən tipik misal kimi İrlandiyada digər bir çox üzv dövlətdən fərqli olaraq abortun mənəvi dəyərlərə zidd hesab edildiyi üçün qadağan olunması və o dövrdə, abort üçün xaricə gedən irlandları göstərmək olar. Bu qadağanın İrlandiya Konstitusiyasında təsbit edilməsinə baxmayaraq ölkədə xüsusilə də Birləşmiş Krallığa məxsus abort klinikaları geniş yayılmışdı və dövlət bu klinikaların fəaliyyətinə icazə verirdi [4, 379]. Məlumat üçün bildirək ki, İrlandiyada abort 2018-ci il 20 dekabr tarixində qəbul edilən qanunla leqallaşdırılmışdır [13]. Onu da qeyd edək ki, mənəvi cəhətdən ziddiyyətli və ya siyasi həssaslığa malik olan xidmət sahələri ilə bağlı Məhkəmə hər hansı bir məhdudiyyət müəyyən etməmişdir. Əksər hallarda dövlətlər tərəfindən təmin edilən səhiyyə və təhsil xidmətləri belə məhdudiyyətdən kənarda qalmışdır. Hətta səhiyyə də bir xidmət sahəsi olduğundan, məsələn, digər üzv dövlətdə müalicə alan şəxslərin müvafiq səhiyyə xərclərinin də milli sığorta sistemi tərəfindən ödənilməli olması müəyyənləşdirilmişdir [4, 380]. Nəticə etibarilə, Məhkəmə digər hüquq və azadlıqlara uyğun olaraq geniş mənada xidmət anlayışı formalaşdırmış və beləliklə, Müqavilənin 56-cı maddəsinin əhatə dairəsini genişləndirmişdir.

Ancaq qeyd etməliyik ki, Müqavilə bu müddəalarda qadağan etdiyi məhdudiyyətlərin xarakteri və növü barədə açıqlama gətirmir, kriteriyalar müəyyənləşdirmir. Yalnız yuxarıda da qeyd etdiyimiz kimi, 57-ci maddədə ayrı-seçkiliyi qadağan edir. Müqavilənin 18-ci maddəsinə nəzər yetirsək, milliyyətə əsaslanan ayrı-seçkiliyin qəti şəkildə qadağan edildiyini görərik. Bu qadağa iqtisadi liberallaşmanın realizəsi üçün də önəmli rol oynayır. Bunun daha yaxşı anlaşılması üçün, məsələn, Məhkəmənin 1974-cü ildə Van Binsbergen işi ilə bağlı qəbul etdiyi qərar nəzərdən keçirilməlidir. Bu qərarda Məhkəmənin mövqeyinin mərkəzi hissəsində Müqavilənin o zamankı xidmətlər göstərmək azadlığını tənzimləyən müddəalarının təsiri altında olduğu görünür [2, 5-6]. Belə ki, qərara əsasən indiki 56 və 57-ci maddələrin mətni dövlətlərin başqa üzv dövlətdə təsis edilmiş hüquqi şəxslərin öz ərazilərində xidmətlər göstərmək azadlığını məhz ərazi prinsipi üzrə məhdudlaşdırmalarını qadağan etməsi kimi şərh olunmalıdır. Bununla da, təkcə milliyətə əsaslanan deyil, həm də yerləşmə yerinə əsaslanan ayrı-seçkilik də qadağan olunmuşdur. Həmçinin, Məhkəmə bu qərarla birbaşa diskriminasiya və dolayı diskriminasiya növlərinin hər ikisini qadağan etmişdir [9]. Birbaşa və ya açıq diskriminasiya vətəndaşlıq zəminində ayrı-seçkilik kimi ifadə edilir. Dolayı diskriminasiya termini, üzv dövlətin xidmət bazarının tənzimləmələrin daxili və idxal edilən xidmətlərə bərabər tətbiq edilməsinə baxmayaraq, digər üzv dövlətlərdən gətirilən xidmətlər üçün daha ağır şərtlər müəyyən etməsi formasında izah edilir [2, 6].

Bəs bu azadlığın tətbiq dairəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur mu? Üzv dövlətlər, məsələn, dövlət siyasəti, ictimai təhlükəsizlik və ya sağlamlığın qorunması ilə əlaqədar hüquqa və qanuna əsaslanan bir məqsəd olduqda, ərazilərində müəyyən xidmətlərin göstərilməsini məhdudlaşdıra bilər. Təbii ki, tətbiq edilən hər hansı bir məhdudiyyət zəruri və qarşıya qoyulan məqsədlərə uyğun olmalıdır. Bu sahədə İttifaq səviyyəsində əsas qanunvericilik aktı kimi 12 dekabr 2006-cı ildə qəbul edilmiş Xidmətlər Direktivi çıxış edir. Üzv dövlətlərə bu aktın milli qanunvericiliyə implementasiyası üçün 28 dekabr 2009-cu il tarixinə qədər vaxt verilmişdi [6]. Daxili bazarın tamamlanması, istehlakçılar və xüsusilə də kiçik və orta ölçülü müəssisələrin fayda götürməsi üçün böyük potensiala malikdir. Digər tərəfdən göstərilən xidmətlərin keyfiyyətinin təmin edilməsi və vahid xidmət bazarının yaradılması da Direktivin əsas məqsədi kimi çıxış edir. Direktiv vasitəsilə həm mövcud qanunvericilik yoxlanılır, həm də uzunmüddətli layihələr qəbul olunaraq qarşıya qoyulan məqsədə çatmaq üçün iş aparılır. Bununla belə, Direktivin icrası bir sıra üzv dövlətlərdə ilkin dövrlərdə əhəmiyyətli dərəcədə gecikmişdir [6]. Direktivin istənilən səviyyədə icra edilə bilməsi üçün həm İttifaq, həm də milli səviyyədə dəstəyin olması mütləqdir.

Aİ sənədləri xidmətlər göstərmək azadlığının əhatə dairəsinə daxil olan poçt xidmətləri ilə bağlı mühüm müddəaları özündə cəmləşdirir. Belə ki, universal xidmətlərin məsuliyyəti, poçt xidmətlərində inhisarın ləğv edilməsi, universal xidmətlərin maliyyələşdirilməsi və poçt xidmətlərinin tənzimlənməsi və nəzarəti üçün cavabdeh olan müstəqil bir qurumun yaradılması kimi məsələlər burada nəzərdə tutulmuşdur. Müqavilənin 58-ci maddəsində isə nəqliyyat sahəsində xidmətlər göstərmək azadlığının nəqliyyatla əlaqəli Başlığın müddəaları ilə tənzimlənməsi qaydası müəyyən edilmişdir. Həmçinin, kapitalın hərəkəti ilə bağlı bank və sığorta xidmətlərinin liberallaşdırılması kapital hərəkətinin liberallaşdırılması ilə bərabər həyata keçirilməlidir. Ümumiyyətlə, hər hansı bir xidmətin liberallaşdırılması adi qanunvericilik proseduruna uyğun olaraq fəaliyyət göstərən və İqtisadi və Sosial Komitə ilə məsləhətləşdikdən sonra Avropa Parlamenti və Şuranın verdiyi direktivlərə uyğun yerinə yetirilir [5].

Xidmətlər göstərmək azadlığının əhatə dairəsinə daxil olan fəaliyyət sahələri Müqavilədə nəzərdə tutulmuş digər hüquq və azadlıqların predmetinə daxil deyil. Bu halda əsas çətinlik xidmətlər göstərmənin təsis etmək hüququndan fərqləndirilməsi zamanı ortaya çıxır. Məsələn, bir ispan memarının böyük bir bina layihəsində kömək etmək üçün dörd ay Avstriyaya köçdüyünü və orada qaldığı müddət ərzində işi ilə əlaqədar ofisi icarəyə götürdüyünü təsəvvür edək. Onun yalnız bir xidmət təminatçısı olması və ya Avstriyada hüquqi şəxs yaratması ilə bağlı mübahisəli vəziyyət yaranmış olur. Xidmətlər və təsis etmə arasındakı əsas fərq məhz birincinin müvəqqəti xarakter daşıması, yəni müəyyən bir zaman kəsiyi ilə məhdudlaşdırılmasıdır. Təsis etmək hüququ əsasında yaradılan hüquqi şəxs – şirkət və ya firma isə daimi fəaliyyət göstərməlidir. Ancaq istənilən halda praktikada bunları ayırd etmə zamanı müəyyən çətinliklər yaranır [4, 380]. Xidmətlər göstərmək azadlığı və təsis etmək hüququ arasındakı fərqə dair bütün hallar üçün olmasa da aparıcı mənbə İtaliyada işləyən bir alman vəkilə aid Məhkəmənin verdiyi qərardır. 30 noyabr 1995-ci il tarixli qərarda Məhkəmənin qeyd etdiyi kimi, fəaliyyətin müvəqqəti xarakteri yalnız xidmətin göstərilmə müddətinə deyil, həm də müntəzəmliyinə, dövri olması və ya davamlılığına görə müəyyənləşdirilməlidir. Xidmətlərin müvəqqəti olması, bu Müqavilənin mənası daxilində xidmət təminatçısının bu günə qədər müvafiq dövlətdə (ofis, otaqlar və ya məsləhət otaqları da daxil olmaqla) hansısa bir infrastrukturla təchiz oluna bilməməsi demək deyil. Çünki belə infrastruktur xidmətlərin həyata keçirilməsi üçün zəruri xarakter daşıyır. Ancaq bu vəziyyəti bir üzv dövlətin vətəndaşının peşəkar fəaliyyətini başqa bir üzv dövlətdə sabit və davamlı bir şəkildə həyata keçirdiyi haldan ayırmaq lazımdır. Belə bir fəaliyyət artıq xidmətlər göstərmək azadlığı ilə bağlı deyil, təsis etmək hüququ ilə bağlı fəslin müddəalarına uyğun gəlir [11]. Bu mövzuda digər bir məhkəmə işi Almaniyada 3 ildir suvaq işləri aparan portuqaliyalı şirkətlə bağlıdır. Maraqlıdır ki, Məhkəmə bu şirkətin fəaliyyətini xidmətlər göstərmək azadlığı kontekstində dəyərləndirmişdir. Belə ki, Müqavilədə nəzərdə tutulan xidmətlər anlayışına tikinti işləri timsalında bir neçə il davam edən fəaliyyətlər də daxil edilə bilər. Əlavə olaraq, hər hansı üzv dövlətdə təsis edilmiş və digər üzv dövlətlərin hüquqi və fiziki şəxslərinə müəyyən bir zaman kəsiyində müəyyən xidmətlər göstərən şirkətlərin fəaliyyəti də haqqında danışdığımız xidmətlər anlayışına daxil ola bilər. Yəni bu şirkət və firmanın digər üzv dövlətdə peşəkar fəaliyyət aparması üçün lazımi infrastruktura malik olmadan xidmətlər təqdim etməsi təsis etmək hüququnun realizəsi kimi başa düşülməməlidir [11]. Beləliklə, bu 2 iki hüquq və azadlıq arasındakı fərqin müəyyən edilə bilməsi üçün heç bir sadə meyar və ya dəqiq vaxt məhdudiyyəti mövcud deyildir, ancaq bununla belə, digər üzv dövlət(lər)də fəaliyyət zamanı müvafiq infrastrukturun yaradılması xidmətlər göstərmək və hüquqi şəxs təsis etmək arasındakı incə xətti keçmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bəzi hallarda hansının tətbiq olunduğunu təxmin etmək çətin ola biləcəyindən Məhkəmə, xidmətlər və təsis etmə arasında konkret formada seçim etməyi zəruri hesab etmir və sadəcə hər ikisini tətbiq edir [4, 382].

Xidmətlər göstərmək azadlığı ilə bağlı digər mühüm məsələ bu azadlığın təsbit olunduğu Müqavilənin 56-cı maddəsinə kimlərin istinad edə biləcəyidir. Bu maddə hazırlanarkən məhz xidmət təminatçısının digər üzv dövlətdəki alıcının yanına getməsi nəzərdə tutulmuşdur. Yəni, bu maddəyə istinad edib pozulmuş hüquqlarının bərpasını tələb edən tərəf xidmət təminatçısı olacaqdı. Ancaq Luisi və Carbone işində Məhkəmə alıcıların da bu maddə əsasında hüquqlarının bərpasını tələb etmələrinin mümkünlüyünü vurğulamışdır. Bu məhkəmə işi Almaniya və Fransaya istirahət məqsədilə səyahət edib eyni zamanda bu ölkələrdə tibbi xidmətlərdən istifadə edən italyan vətəndaşları ilə əlaqədar idi. Ölkədən xarici valyutanın çıxarılmasını məhdudlaşdıran İtaliya qanunlarına qarşı Məhkəmə bu şəxslərin Müqavilənin 56-cı maddəsinə istinad edərək hüquqlarını təmin edə biləcəklərini qeyd etmişdir [4, 283]. Bu qərarla xidmətlər göstərmək azadlığının əhatə dairəsinə şəxslərin məhdudiyyətsiz şəkildə başqa üzv dövlətə getmələri və orada müvafiq ödəniş müqabilində xidmətlərdən faydalanmaları (turizm, səhiyyə, təhsil və işgüzar məqsədlər daxil olmaqla) da daxil edilmiş və bu şəxslərin alıcı hesab edilmələri təsbit olunmuşdur [12]. Haqqında danışdığımız qərar sayəsində başqa bir üzv dövlətə səyahət edən və müəyyən xidmətlərdən faydalanan bütün şəxslər xidmətlərin hərəkət sərbəstliyinə etibar edə bilərlər. Bundan əlavə, digər üzv ölkələrdən olan bu cür ziyarətçilərə xidmət göstərən hər hansı bir milli qurum, Müqavilənin 56-cı maddəsinə də istinad edə bilər. Məsələn, bir qrup lüksemburqlu turistin Amsterdama gələrək bir kanal gəmisində tura çıxması ilə həm bu turistlər, həm də kanal gəmisinin operatoru xidmətlərin sərbəst hərəkətini tənzimləyən qaydalara tabe olduqları üçün qarşılaşa biləcəkləri hər hansı bir məhdudiyyətə etiraz etmək hüquqları yaranır. Başqa üzv dövlətə gedən insanların əksəriyyəti nəqliyyat, yaşayış və ya restoran və s. kimi xidmətlərdən faydalandıqları üçün Məhkəmənin bu qərarı 56-cı maddənin əhatə dairəsini xeyli genişləndirmişdir [4, 383].

Məhkəmənin bu tip qərarlarına baxmayaraq xidmətlər göstərmək azadlığının əhatə dairəsinin qeyri-məhdud olduğunu söyləmək də yanlış olardı. Xüsusilə də, sərhədi keçmə əlamətinin olması 56-cı maddənin tətbiqi üçün mütləqdir. Məsələn, yerli macar şirkəti ilə macar hüquq firması arasında hüquqi məsləhət verilməsinə əsaslanan münasibətlər bu maddənin müddəalarına daxil deyildir [4, 383]. Sərhəddən kənarda xidmətin göstərilməsi ilə bağlı 4 əsas hal mövcuddur. İlkində xidmət təminatçısı müvafiq məqsədlə başqa bir üzv dövlətə gedə bilər. Növbəti halda alıcıların xidmətdən faydalanmaları üçün başqa dövlətə səyahət etmələri nəzərdə tutulur. Üçüncü hal xidmətin özünün, məsələn internet vasitəsilə sərhədi keçməsi müəyyən olunur. Nəhayət, sonuncu halda isə xidmət provayderi və alıcı birlikdə başqa üzv dövlətə işgüzar səfərə gedə bilərlər [4, 384]. Bəzən isə ədəbiyyatlarda 4-cü halın qeyd edilmədiyini, yalnız ilk üç haldan bəhs edildiyini görürük [3, 89]. Burada digər mühüm məsələ xidmət təminatçısının Aİ-yə üzv hər hansı dövlətin vətəndaşı olması və bu dövlətlərdən birində təsis edilməsi qaydasıdır. Yalnız bu tələbi ödəyən xidmət təminatçıları 56-cı maddənin müddəalarına istinad edə bilərlər. Ancaq alıcılar üçün belə bir tələb müəyyən edilməmişdir, yəni üzv dövlətdə başqa bir üzv dövlətə məxsus provayderin xidmətlərindən faydalanan üçüncü ölkə vətəndaşı da adıçəkilən maddənin təsir dairəsinə düşür [4, 384].

Məsələni ümumiləşdirsək, xidmətlər göstərmək azadlığının Aİ-də daxili bazarın aktivliyinin artırılması və məhdudiyyətlər olmadan xidmət təminatçılarının istənilən üzv dövlətdə fəaliyyət göstərə bilmələrinə əlverişli şəraitin yaradılmasına xidmət etdiyini söyləyə bilərik. Üstəlik mövcud məhkəmə presedentləri bu azadlığın tətbiq dairəsinin daha da genişləndirilməsinə və məhdudiyyətlərin tətbiqinin minimuma endirilməsinə səbəb olmuşdur. Burada xüsusilə tam şəkildə dövlətlərin inhisarında olan müəyyən fəaliyyət sahələri ilə bağlı qadağaların tətbiqi mümkün olsa da, ümumilikdə çox geniş sayda xidmət sahəsi Müqavilənin xidmətlər göstərmək azadlığını tənzimləyən müddəalarının təmin etdiyi hərəkət sərbəstliyindən istifadə edə bilir. Hətta məhkəmə presedenti alıcıların belə hüquqlarının təmini ilə bağlı bu müddəalara istinad edə bilmələri qaydasını müəyyən etmişdir.

İstifadə edilmiş ədəbiyyat:

1.      Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilə
2.      Elena V. Postnikova. The scope of the freedom to provide services: Prohibited restrictions. National Research University Higher School of Economics. Working Papers. 2013
3.      Göçmen İ. The Freedom of Establishment and to Provide Services: A Comparison of the Freedoms in European Union Law and Turkey – EU Association Law. Ankara Law Review. Vol 8. No 1. January 2011. pp. 67-109
4.      Ugirashebuja E., Ruhangisa J. E., Ottervanger T., Cuyvers A. East African Community Law: Institutional, Substantive and Comparative EU Aspects. Brill. 2017
5.      https://www.ab.gov.tr/chapter-3-right-of-establishment-and-freedom-to-provide-services_68_en.html
6.      https://www.europarl.europa.eu/factsheets/en/sheet/40/freedom-of-establishment-and-freedom-to-provide-services
7.      https://www.eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:61985CJ0352
8.      https://www.eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:62004CJ0372
9.      https://www.eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:61974CJ0033
10.     https://www.eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:61994CJ0055
11.     https://www.eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:62001CJ0215
12.     https://www.eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:61982CJ0286
13.     http://www.irishstatutebook.ie/eli/2018/act/31/enacted/en/html

 

The articles on this blog are not, nor are they intended to be, legal advice. You should consult a lawyer for individual advice or assessment regarding your own situation.