Arbitraj dedikdə, mübahisələrin məhkəmədən kənar qaydada tərəflərin öz iradəsilə arbitraj sazişinə əsasən razılaşdırılmış arbitrlər tərəfindən prosessual və maddi hüquq normaları ilə həll olunması başa düşülür. Bu anlayışı daha da genişləndirmək və daha detallı vermək mümkün olsa da, ümumi anlayış verməklə əsas məsələyə toxunmaq istərdim. Bu yazıda cavab axtardığım sual o olacaq ki, iki Azərbaycan Respublikasının rezidenti olan şirkət[1], yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxslərin mübahisələrinə arbitraj qaydasında baxıla bilərmi?

Adətən, xarici şirkətlərlə bağlanmış müqavilələrdə arbitraj bəndinə rast gəlirik və bu bir çox hallarda məhz elə tərəflərdən biri xarici şirkət olduqda müqavilədə öz əksini tapır.

İlk öncə, Azərbaycan Respublikasının qanunvericiliyinə nəzər salsaq görərik ki, arbitraj qaydalarını tənzimləyən “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə 18 noyabr tarixində qəbul edilmişdir.[2] Həmin qanunun 1.1-ci maddəsində qanunun tətbiq dairəsi öz əksini tapıb. Elə həmin qanunun 1.2-ci maddəsində göstərilib ki, bu qanun yalnız arbitraj yeri Azərbaycan Respublikası olduqda tətbiq edilir, yəni arbitrajın keçiriləcəyi yer Azərbaycan Respublikasıdırsa, bu qanunu tətbiq etmək mümkündür. Həmin qanunun 1.3-cü maddəsində arbitrajın hansı hallarda beynəlxalq sayıldığı müəyyən edilmişdir. Həmin hallar aşağıdakılardır:

1)    Arbitraj razılaşmasının tərəflərinin müəssisələri ayrı-ayrı dövlətlərdə yerləşir;

2)    Arbitraj sazişində arbitraj yeri tərəflərin öz müəssisələrinin olduğu dövlətin hüdudlarında yerləşir;

3)    Ticarət münasibətlərindən irəli gələn öhdəliklərin əsas hissəsinin icra edilməli olduğu hər-hansı yer və yaxud mübahisəli predmetin sıx əlaqəli olduğu yer tərəflərin öz müəssisələrinin olduğu dövlətin hüdudlarında yerləşir.

İndi isə daha bir sual meydana çıxır. İki Azərbaycan Respublikasının rezidenti olan şirkətin mübahisəsinə arbitraj qaydasında bu qanunu əsas götürməklə baxıla bilərmi?

Qanunun 1.2. və 1.3.-cü maddəsini təhlil etsək görərik ki, iki Azərbaycan şirkəti bir dövlətdə, yəni Azərbaycan Respublikasının ərazisində olduğu halda və öhdəliklərinin əsas hissəsinin icra edilməli olduğu yer və mübahisəli predmetin sıx əlaqəli olduğu yer də Azərbaycan Respublikasında olduğu halda, arbitraj beynəlxalq sayılmır.

Arbitraj yeri olaraq digər bir dövlət seçilsə, bu halda arbitrajı beynəlxalq saymaq mümkündür. Lakin bu halda da 1.2.-ci maddəyə əsasən, “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edə bilməyəcəyik.

Yəni, iki Azərbaycan Respublikasının rezidenti olan şirkət “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisəsinə arbitraj qaydasında baxıla bilməyəcək.

İndi isə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət hüququ üzrə Komissiyasının (UNCITRAL) Model qanunundan[3] bəhs etmək istərdim. Belə ki, həmin Model Qanun 1985-ci ildə qəbul edilmişdir. Model Qanun tövsiyə xarakterlidir və “Beynəlxalq arbitraj haqqında” Qanun da onun əsasında tərtib edilmiş və qəbul edilmişdir.

Həmin Konvensiyanın tətbiq dairəsində hansı məsələləri tənzimləməsi və hansı hallarda arbitrajın beynəlxalq sayılması barədə maddələrə rast gələ bilərik. Hansı ki “Beynəlxalq arbitraj haqqında” AR Qanununda eyni məzmunda maddələr öz əksini tapıb. Belə ki, Model Qanunun 1-ci maddəsinin 3) (b) (i) bəndində qeyd olunub ki, tərəflər arbitraj razılaşmasına əsasən, arbitraj yeri olaraq şirkətlərin fəaliyyət yerindən fərqli bir dövlət seçdikləri təqdirdə, arbitraj beynəlxalq sayılır.

Beləliklə, iki Azərbaycan Respublikasının rezidenti olan şirkət arbitraj sazişində arbitraj yeri olaraq hər hansı xarici dövləti seçdikləri təqdirdə, UNCITRAL Model Qanununa uyğun olaraq mübahisəyə ad hoc arbitraj qaydasında baxıla bilər.

Digər əsas məsələ, bu mübahisəyə baxıldıqdan sonra arbitraj qərarının tanınmasıdır. Tərəflər, xüsusən, arbitraj qərarı ilə razılaşmayan tərəf arbitraj qərarını könüllü olaraq icra etdikdə, arbitraj qərarının tanınmasına olan zərurət aradan qalxır. Lakin icra etmədiyi hallarda, arbitraj qərarı mübahisələndirilə bilər.

“Beynəlxalq arbitraj haqqında” Qanunun 1.2.-ci bəndində belə bir istisna var ki, arbitraj yeri Azərbaycan Respublikası olmadığı halda da, bu Qanunun 8, 9, 35 və 36-cı maddələri qüvvədə olur.

Həmin Qanunun 35 və 36-cı maddələri arbitraj qərarının tanınması və icra edilməsi ilə bağlıdır.

Arbitraj qərarının icra edilmədiyi halda, onun tanınması və mübahisələndirilməsi barədə növbəti yazımda bəhs edəcəyəm.

 

[1] Vergi Məcəlləsinin 13.2.5.3-cü maddəsi

[2] http://www.e-qanun.az/framework/90

[3] https://uncitral.un.org/sites/uncitral.un.org/files/media-documents/uncitral/en/19-09955_e_ebook.pdf

 

The articles on this blog are not, nor are they intended to be, legal advice. You should consult a lawyer for individual advice or assessment regarding your own situation.